Xəbər

Şəkidə böyük qardaşını döyən şəxs tutulub - YENİLƏNİB

09:07 20-05-2017

Şəkidə böyük qardaşını döyən şəxs tutulub - YENİLƏNİB

Şəkidə özündən 7 yaş böyük qardaşını döyən şəxs saxlanılıb.
 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 19-u axşam saatlarında rayonun Aşağı Göynük kəndində eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayan, 1965-ci il təvəllüdlü Hüseyn Osman oğlu Zamanov və 1972-ci il təvəllüdlü Mehman Osman oğlu Abubəkirov qardaşları yaşadıqları ünvanda aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə ediblər.

 

Mübahisə zamanı 45 yaşlı Mehman Abubəkirov daşla özündən 7 yaş böyük qardaşı Hüseyn Zamanovun baş nahiyəsinə zərbələr vuraraq ona ağır xəsarət yetirib.

 

Keçirilmiş tədbir nəticəsində Mehman Abubəkirov saxlanılıb.


Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

***

 

19 may saat 22.55

 

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyülüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21:00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Hüseyn Osman oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

 

Şəki MRX-dan APA-ya bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı Hüseyn Zamanova açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Aşağı Göynük kəndi ərazisində baş verib. Hüseyn Zamanovla qardaşı arasında istintaqa hələ ki, məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

 

Hazırda hüquq-mühafizə orqanlar əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.



© APA 2017