Xəbər

Mətbuat Şurasında Avrasiya Qəzetçilər Dərnəyi İdarə Heyətinin üzvləri ilə görüş keçirilib - FOTO

17:17 25-05-2010

Mətbuat Şurasında Avrasiya Qəzetçilər Dərnəyi İdarə Heyətinin üzvləri ilə görüş keçirilib - FOTO

Bakı-APA. Mətbuat Şurasında (MŞ) Avrasiya Qəzetçilər Dərnəyi İdarə Heyətinin Azərbaycanda səfərdə olan üzvləri ilə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qurumun fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. O, türkçülüyün, türkdilli xalqlar arasındakı əlaqələrin inkişafı baxımından Azərbaycan və Türkiyə mediasının gördüyü işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Bakıda hər iki ölkə jurnalistlərini bir araya gətirən 2 konfransın düzənlənməsinin bu məqsədə xidmət etdiyini vurğulayan MŞ sədri Türkiyədə də belə tədbirin reallaşmasının nəzərdə tutulduğunu deyib. Ə. Amaşov Avrasiya məkanının 2 ölkə hüdudlarını aşan daha geniş anlam olduğunu nəzərə çatdıraraq qlobal olaylar fonunda hər iki qurumun qarşılıqlı münasibətlərin müasir dövrün tələbləri baxımından qurulmasına verə biləcəyi fayda üzərində dayanıb.

Avrasiya Qəzetçilər Dərnəyinin (AQD) sədr müavini Osman Savaç bir il əvvəl də şurada hər iki qurumun təmsilçiləri arasında görüş keçirildiyini xatırladaraq bildirib ki, növbəti diskussiyadan əsas məqsəd başlanılmış prosesin dərinləşdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təminatıdır.
Görüşdə AQD-nin malik olduğu resurslar, hər iki qurum arasında niyyət protokolunun imzalanması, strateji planın müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb. Ə. Amaşova Türkiyə-Azərbaycan mediaları arasındakı əlaqələrin inkişafına göstərdiyi xidmətlərə görə AQD-nin təşəkkürnaməsi təqdim edilib.


© APA 2018