Xəbər

Bakıda sex sahibi səs-küyə görə 2500 manat cərimələnib

10:04 14-03-2018

Bakıda sex sahibi səs-küyə görə 2500 manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küylə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsinin Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

 

Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.

 

Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.



© APA 2018