Xəbər

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qəbələnin Nic qəsəbəsində olublar

16:38 14-02-2018

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qəbələnin Nic qəsəbəsində olublar

“Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi öz işini Qəbələdə davam etdirib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Qış məktəbinin iştirakçıları rayonun Nic qəsəbəsində olublar.

 

Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin konfrans zalına toplaşan yerli və əcnəbi gənclər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəsini dinləyiblər.

 

N. Məmmədli Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda islamdan əvvəl atəşpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq dinləri geniş yayılıb: “Sonradan ərəblərin gətirdiyi yeni monoteist din–İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. İslamın Azərbaycanda yayılması bir neçə mərhələni əhatə edib”.

 

O qeyd edib ki, 1993-cü ildən sonra ölkəmizdə dinin təbliğinə və yayılmasına geniş şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. N. Məmmədli Azərbaycanda dini icmaların qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.

 

Sonra əcnəbi tələbələr Nic qəsəbəsində yerli əhali ilə görüşüblər, yaşayış məntəqəsi ilə tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili tədris olunur.

 

Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Məlumat verilib ki, dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib.

 

Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər.

 

Qış məktəbinin iştirakçıları üçün “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində kanatla dağ gəzintisi təşkil edilib.

 

Qeyd edək ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilir.



© APA 2018