Xəbər

Bu il I-IV qrup üzrə sənəd verənlərin 30 faizi əvvəlki illərin məzunlarıdır

14:42 19-06-2017

Bu il I-IV qrup üzrə sənəd verənlərin 30 faizi əvvəlki illərin məzunlarıdır

“Ali və orta ixtisas məktəblərinə may ayında əlavə aparılan sənəd qəbulu zamanı 5000-dən çox abituriyent yenidən sənəd verib”.
 
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu il ümumilikdə  90 min abituriyent qəbul prosesində iştirak edir: "Onların bir qismi I-IV, digər qismi isə V qrupa və kolleclərə sənəd verib. Bu rəqəmlər ötən illə demək olar ki, eyni həddədir. Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə  azalıb. Hər il abituriyentlərin əsas kontingentini cari ilin məzunları təşkil edir. Bu il I-IV qrupda iştirak edənlərin 70 faizi bu ilin, qalanlar isə əvvəlki illərin məzunlarıdır".
 
M. Abbaszadə yaz qəbul imtahanlarında 680-dən çox bal toplayanların yay imtahanlarında yenidən iştirakına münasibət  bildirərək qeyd edib ki, bu, onların ikinci şansıdır: “Onlar qarşılarına 700 bal toplamağı hədəf qoyublarsa, bunu alqışlaya bilərik”.
 
M. Abbaszadə əlavə edib ki, qəbul və buraxılış imtahanlarında nəticəsi ləğv olunanlara əlavə şans verilmir: “Köçürməyə cəhd edənlərin nəticələri ləğv olunur. Buraxılış imtahanlarının nəticələrinin ləğv olunması o deməkdir ki, həmin məzunun attestat almaq məsələsi də sual altına düşür. Ancaq əvvəldən də xəbərdarlıq edilmişdi ki, imtahanlara nə əlavə vəsaitlə gəlmək, nə də köçürmək olmaz. Təbii ki, nəticəsi ləğv olunanlara əlavə şans verilmir. Belə şans verilsə, onlar hesab edərlər ki, mən yenə də qanunu pozum, bu dəfə tutulsam da, gələn dəfə aşkarlanmayacaq”.



© APA 2017