Xəbər

Gürcüstanda azərbaycanlı əlillərə əlil arabaları verilib

14:14 14-03-2018

Gürcüstanda azərbaycanlı əlillərə əlil arabaları verilib

Gürcüstanda azərbaycanlılar da daxil olmaqla məhdud fiziki imkanlı şəxslərə əlil arabaları verilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, əlil arabalarının alınması Türkiyənin Gürcüstandakı səfirliyi, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) birgə səyləri nəticəsində mümkün olub.

 

Əlil arabalarının təqdimetmə mərasimi GMİ-də baş tutub. Tədbirdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, GMİ-nin sədri Şeyx Hacı Ramin İgidov və digər şəxslər iştirak edib.

 

Bildirilib ki, layihə Belçikanın Din Fondu tərəfindən maliyyələşdirilib. Türkiyədən gətirilmiş ümumilikdə 250 əlil arabasının 200-ü standart, 40-ı uşaqlar üçün, 10-u isə elektron olmaqla xüsusi tələbatlı şəxslər üçün nəzərdə tutulub.

 

GMİ sədri R.İgidovun bildirdiyinə görə, əlil arabalarının təxminən 150-si azərbaycanlı əlillərə veriləcək. O, bu xeyirxah təşəbüssə görə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Türkiyənin Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib. R.İgidov deyib ki, əlil arabalar siyahı üzrə bu ayın sonuna qədər əlillərə paylanılacaq: "İdarəmiz digər qurumlarla birgə səylər nəticəsində gələcəkdə də bu cür xeyirxah tədbirləri davam etdirəcək".



© APA 2018