Xəbər

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

19:55 29-12-2017

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

 

APA-nın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

 

Bayram şənliyi Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

 

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşıblar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət edib.

 

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər. Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olublar, onlarla birlikdə şənləniblər.

 

Bayram şənliyində çıxış edən M. Əliyeva bildirib ki, Yeni il bayramı insanların ən sevdiyi bayramlardan biridir: “Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu gün Yeni il bayramını böyük doğma ailə kimi bərabər qeyd edirik. Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrilib”.

 

M. Əliyeva qeyd edib ki, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirilib: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır. Mən ümidvaram ki, 2017-ci il sizin həyatınızda xoş anlarla, sevinc dolu hadisələrlə qalacaq. Ümidvaram ki, bu il sizin üçün uğurlu il idi. Mən sizin hər birinizə 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Əziz uşaqlar, onu da bilməlisiniz ki, bu bayram şənliyinin hazırlanmasında bir çox insanın əməyi var. Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət adamlarımız, musiqiçilərimiz, artistlərimiz, sizinlə bərabər burada, bu gözəl “Buta” sarayında Yeni ili qeyd edirlər, sizin üçün çox gözəl, şən ab-hava yaradırlar. Gəlin bu gözəl, qayğıkeş insanları birlikdə alqışlayaq və onlara öz minnətdarlığımızı bildirək. Sizin hər birinizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram. Qoy, Allah hər birinizi və ölkəmizi hər zaman qorusun!”.



© APA 2018