Xəbər

Meşələrin qanunsuz qırılmasının qarşısının alınmasına həsr olunmuş növbəti görüş keçirilib

09:27 14-06-2018

Meşələrin qanunsuz qırılmasının qarşısının alınmasına həsr olunmuş növbəti görüş keçirilib

Meşələrdə ağacların möhtəkirlər tərəfindən kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə növbəti görüş Quba rayon İcra Hakimiyyətində keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ( ETSN) APA-ya verilən xəbərə görə, görüşdə Nazirliyin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

 

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub.

 

Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi bildirilib. Görüşün nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.

 

Qeyd edək ki, Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.  

 



© APA 2018