Xəbər

Ombudsman Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb

11:53 26-05-2010

Ombudsman Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur Bukikkio ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman AŞ ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq münasibətlərini diqqətə çatdırıb, Müvəkkil təsisatının bu nüfuzlu beynəlxalq qurumun struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb.

Ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu planın icrası vəziyyəti barədə məlumat verilib. AŞ İnsan Hüquqları üzrə Komissarı T. Hammarberqin MFP-ni yüksək dəyərləndirdiyi və başqa Avropa ölkələrinə də belə bir planı qəbul etməyi tövsiyə etdiyi nəzərə çatdırılıb. Ombudsman Komissarın tövsiyələri ilə bağlı sənədin öyrənildiyini, təsisatın nümayəndələrinin Avropa Şurasında “Peer to Peer”(“Bərabərlik”) Şəbəkəsində və İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunda iştirak etdiyini diqqətə çatdırıb.

Mod de Bur Bukikkio səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkürünü bildirib, Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu ifadə edib. Qonaq insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsinin təmsil etdiyi qurum üçün prioritetə çevrildiyini, hazırda əməkdaşlıq proqramlarına yenidən baxıldığını vurğulayıb. O, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətini yüksək qiymətləndirərək, qaldırdığı məsələlərin, xüsusilə hakimlər üçün təlimlərin təşkilinin önəmli olduğunu, keçiriləcək təlimlərə beynəlxalq ekspertlərin göndərilməsinin mümkünlüyünü bildirib.

AŞ Baş katibinin müavini gender məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini, ictimai-siyasi həyatda qadınların iştirakının, Azərbaycan parlamentində qadın deputatların təmsilçiliyinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Avropa Şurasının məsul əməkdaşı Elda Moreno və AŞ-ın Bakı Ofisinin rəhbəri Veronika Kotek iştirak ediblər.


© APA 2018