Xəbər

“Peşə təhsili haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

16:31 16-04-2018

“Peşə təhsili haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komitə sədri İsa Həbibbəyli bildirib ki, layihədə əvvəlki oxunuşda bəzi təkliflər nəzərə alınıb və texniki yeniliklər edilib.

 

O qeyd edib ki, ikinci oxunuşdan sonra layihə üzərində aparılan təkmilləşdirmə işi sənəddə bəzi məqamları daha da dəqiqləşdirib: “Oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq”.

 

5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və sair məsələlər yer alıb.
 

Çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev və Asim Mollazadə layihənin üçüncü oxunuşda daha mükəmməl olduğunu bildiriblər.


Layihə üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 

 



© APA 2018