Xəbər

"Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilir

15:52 14-02-2018


"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir:
 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli və başqaları bu müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.


Daha sonra qonaqlar stendlərə baxış keçirib.
 
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirakçı sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird,  X sinif-103 şagird və  XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir.



© APA 2018