Xəbər

Təhsil Nazirliyi riyaziyyat fənni üzrə xüsusi istedadlı uşaqların seçimini keçirib

11:55 26-05-2010

Təhsil Nazirliyi riyaziyyat fənni üzrə xüsusi istedadlı uşaqların seçimini keçirib

Misir Mərdanov: “Xüsusi istedadlı uşaqların seçimini aparmaqda əsas məqsəd ölkədə istedad bankını yaratmaqdır”

Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyi “Xüsusi istedadlı uşaqların yaradıcılıq potensialının aşkara çıxarılması üzrə dövlət proqramı” çərçivəsində riyaziyyat fənni üzrə xüsusi istedadlı uşaqların seçimini keçirib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda ölkədə təhsilin inkişafı ilə bağlı 16 dövlət proqramı icra olunur. Xüsusi istedadlarla bağlı proqramın artıq 3-cü ildir həyata keçirildiyini deyən nazir bildirib ki, hər dərs ilinin sonunda riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə xüsusi istedadların seçimi aparılır. Əsas məqsəd ölkədə istedad bankını yaratmaq və uşaqların potensialından yetərincə istifadə etməkdir.

Nazir onu da deyib ki, ildən-ilə belə seçimlərdə iştirak edən uşaqların sayı artır. Riyaziyyat fənni üzrə seçimdə ölkənin bütün bölgələrindən 350-dən artıq VIII-XI sinif şagirdlərinin iştirak etdiyini deyən nazirin sözlərinə görə, bu say 2 il əvvəl ilə müqayisədə 2 dəfə artıqdır.


© APA 2018