Xəbər

Ülvi Mehdiyev: “İndiyə qədər "ASAN Könüllüləri" tərəfindən 300-ə yaxın layihə həyata keçirilib”

12:50 17-05-2018

Ülvi Mehdiyev: “İndiyə qədər

"ASAN Könüllüləri" təşkilatı və "Gilan Holding”in təşkilatçılığı, ADA Universiteti  və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə ADA Universitetində gənclərin siyasi, sosial və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə "AVO MUN 2018” layihəsinin açılış mərasimi  keçirilib.

 

APA-nın xəbərinə görə, açılışda çıxış edən "ASAN Könüllüləri" təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, layihənin əsas məqsədi gənclərin hüquqi, siyasi və ictimai biliklərinin inkişaf etdirilməsidir.

 

B. İslamov əlavə edib ki, layihədə 75 nəfər iştirak edir və bu gənclər üç gün ərzində fərqli mövzular ətrafında ictimai, siyasi müzakirələr aparacaq.

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında deyib  ki, indiyə qədər "ASAN Könüllüləri" təşkilatı tərəfindən 300-ə yaxın layihə həyata keçirilib  və bu layihələr ümumilikdə 30 minə yaxın gənci əhatə edib. O qeyd edib ki, yeni layihə gənclərin beynəlxalq  hüququ mənimsəməsində faydalı  olacaq.

 

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihə iştirakçılarına uğurlar  arzulayıb.

 

Azərbaycanda gəncliyin inkişafına hökumət tərəfindən xüsusi  diqqət ayrıldığını vurğulayan BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Məzahir Əfəndiyev deyib ki, bu layihə Azərbaycanın inkişafına yönəlik tədbirlərə öz töhfəsini verəcək.

 

Daha sonra  ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək layihəni yüksək qiymətləndirib.

 

Qeyd edək ki, BMT-nin simulyasiyası əsasında artıq ikinci dəfə baş tutan layihədə 3 fərqli dildə 3 komitənin simulyasiyası təşkil ediləcək.



© APA 2018