Xəbər

Vətəndaşlığa qəbul, bərpa, xitamla bağlı DMX-ya daxil olan müraciətlərin sayı açıqlanıb

14:32 17-07-2017

Vətəndaşlığa qəbul, bərpa, xitamla bağlı DMX-ya daxil olan müraciətlərin sayı açıqlanıb

2017-ci ilin 6 ayı ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. APA-nın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin I yarısının yekunlarına həsr olunmuş xidməti müşavirədə Xidmət rəisi Firudin Nəbiyev bildirib.

 

O deyib ki, bu ilin I yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub: “Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib”.

 

DMX rəisi 2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəngin daxil olduğunu diqqətə çatdırıb.

 

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.



© APA 2017