Xəbər

Şirvanda toyda qətl törədən Ağdam sakini Mingəçevirdə saxlanılıb

19:22 12-07-2018

Şirvanda toyda qətl törədən Ağdam sakini Mingəçevirdə saxlanılıb

Şirvanda toyda qətl törədərək hadisə yerindən qaçan şəxs saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 9-da axşam saatlarında Şirvan şəhərində toyda qətl törədən Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərov Fuad Əli oğlu Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, iyulun 9-da Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb və hadisə yerində dünyasını dəyişib. Şadlıq sarayının kameralarının görüntülərini araşdıran istintaq qrupuna məlum olub ki, qətli F. Əsgərov törədib.

 

F. Əsgərov hazırda Şirvan prokurorluğunda istintaqa ifadə verir. Qətlin təfərrüatları barədə istintaqın ilkin yekunlarından sonra məlumat veriləcəyi bildirilir.

 

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 



© APA 2018